Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Zivər bəy Əhmədbəyov kim olub?

2026-03-09 14:28:19 7

Azərbaycanın ilk peşəkar ali təhsilli memarlarından biri hesab olunur və ölkənin memarlıq irsinin formalaşmasında mühüm rol oynayıb.

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Bakıda anadan olub. İlk təhsilini burada aldıqdan sonra memarlığa böyük maraq göstərmiş və ali təhsil almaq üçün Rusiyaya yollanmışdır. O, Sankt-Peterburqda yerləşən İnşaat Mühəndisləri İnstitutunda təhsil alaraq peşəkar memar diplomu əldə etmişdir. Bu təhsil o dövrdə azərbaycanlılar üçün o qədər də əlçatan deyildi. 

Zivər bəy peşəkar fəaliyyətinə doğulduğu Şamaxıda başlayır. 1902-ci il 31 yanvar zəlzələsi şəhəri dağıtsa da, o, Şamaxının yenidən qurulmasında iştirak edir və Cümə məscidinin yeni layihəsini hazırlayır.

1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.

O, Şərq ornamentlərini, günbəz və tağ formalarını Azərbaycan memarlığına gətirdi. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.

Murtuza Muxtarov məscidi Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb.

Vaxtilə Bakıda inşa edilən Doğum evi (1910-cu illər), “Səadət” məktəbi (1911-12), Uşaq xəstəxanası (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu, 1914-1916), Oftalmologiya İnstitutunun binaları da onun uğurlu sənət əsərləridir.

Z.Əhmədbəyov 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaradır.

Onun yaxın çevrəsindəki bir çox ziyalı həbs olunmuş, öldürülmüş və ya ölkəni tərk etməyə məcbur olmuşdu. Bu vəziyyət Z. Əhmədbəyovu psixoloji cəhətdən ağır sarsıntıya saldı və o, 1925-ci ildə evində özünü gülləyərək intihar etdi. 


AzEns.org.az