Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Xəzərə niyə "dəniz" adı verilib?

2026-01-26 14:22:47 93

Xəzərə "dəniz" adının verilməsi coğrafi səbəblərə dayanır.

O dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Böyüklüyünə, hidroloji xüsusiyyətlərinə görə ona dəniz deyirlər. 

Sahəsi 371 min km2 olan bu gölə 130 çay tökülür, lakin buradan heç bir çay axmır. Bu qədər şirin su qəbul etməsinə baxmayaraq, bu nəhəng göl duzludur. Çünki o, 50-60 milyon il bundan əvvəl mövcud olmuş, Atlantik və Sakit okeanları birləşdirən duzlu Tetis okeanının qalığıdır. 

Xəzər dənizinin suyu okean mənşəlidir və orta duzluğu 12,85 % (promil) təşkil edir (okean suyunun orta duzluğu 35%-dir). Duzluluğu okeandan az, lakin göllərdən xeyli çoxdur. Tərkibində karbonat və sulfatlar üstünlük təşkil edir, xloridlərin miqdarı isə nisbətən azdır.

Xəzər dənizinin təbiəti klassik göllərdən fərqli olaraq tipik dəniz dinamikasını nümayiş etdirir. Burada su səthi sakit deyil, əksinə dalğalı və fırtınalıdır. 

Xəzərdə yaşayan canlılar da dəniz mənşəli canlılardır. Buna Xəzər suitisi, nərə balıqları, dəniz tipli plankton, molyusklar və s. misal göstərmək olar.


AzEns.org.az/ Jalə Orucova