Xəyanətlə, sürgünlərlə bitən səadətsiz bir evlilik yaşamış olsa da, ilk dəfə türk dünyasında ağ gəlinlik geyinmiş qadın Osmanlı sultanı II Əbdülhəmidin üçüncü qızı Naimə Sultandır.
İngilis kraliçasından sonra Osmanlı şahzadəsinin ağ gəlinlik geyinməsi göstərir ki, bu adət saraylardan başlayaraq xalqa yayılıb.
Həmin dövrlərdə Osmanlıda qadınlar qırmızı gəlinlik geyinərdilər. Şahzadə Naimə Sultan Avropadakı bir toyda gəlini ağ paltarda görərkən çox təsirlənmiş və bu geyimi öz toyunda tətbiq etmək istəmişdir. Həqiqətən də, 1898-ci ildə Qazı Osman Paşanın oğlu Kəmaləddin bəylə evlənəndə bu xəyalını reallaşdırdı və nağıl şahzadəsi kimi ağ gəlinliklə Ortaköydə yerləşən saraya daxil olmuşdur. Ortaköydəki bu saray da İstanbulda ağ gəlinliyə şahid olmuş ilk məkan olaraq tarixə keçdi.
Gəlinin bəzənməsi tarixi zamanların adətidir. Amma orta çağlarda gəlinlik anlayışı olmasa da, gəlinlərin həmişə fərqli və parlaq geyinməsi şərt idi.
Ağ gəlinlik geyinmək adəti XVI əsrdə başlayıb. İlk ağ gəlinlik geyən şəxs 1499-cu ildə XII Lui ilə evlənən ingilis gəlin Anna olub. Lakin müasir gəlinlik modelini təqdim edən ilk şəxs 1854-cü ildə Şahzadə Albertlə evlənən Kraliça Viktoriya olub. O, bakirəliyin simvolu olaraq bəyaz atlas paltar seçib. Əvvəlcə kral ailəsinin gəlinləri gümüşü paltarlar geyinsələr də, Viktoriya ağ rəngi seçərək bu ənənəni dəyişib.
Naimə Sultanın ilk evliliyi 17 mart 1898-ci ildə Mehmet Kəmaləddin Paşa ilə (1869-1920) baş tutdu, ancaq 1904-cu ildə ayrıldılar. Bu nikahdan bir oğlu oldu. İkinci evliliyi isə 11 iyul 1907-ci ildə Mahmud Cəmaləddin Paşa ilə (1874 - 1944) baş tutdu və bu nikahdan bir qızı oldu. Naimə Sultan 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi və ailəsi ilə birlikdə əvvəlcə Fransada və İtaliyada, daha sonralar isə Albaniyada məskunlaşdı. 1945-ci ildə Tiranada vəfat etdi.
AzEns.org.az/ Jalə Orucova