Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Taksilər niyə sarı rəngdədir?

2026-02-24 16:00:55 3

Biz taksiləri uzun illər sarı rəng və ağ-qara dama nişanı ilə tanımışıq. Lakin bu gün bir çox şəhərlərdə taksilər müxtəlif rəng və dizaynda olur. Standart sarı rəng ənənəsi əsasən yalnız Nyu-Yorkda qorunub saxlanılıb.

Sarı taksilər artıq şəhərin rəmzinə çevrilib. Bu ideyanı ilk dəfə John D. Hertz irəli sürmüş və taksilərin uzaqdan daha seçilən olması üçün sarı rəngi təklif etmişdir.

Bundan əlavə, bu gün dünyanın böyük şəhərlərində geniş yayılmış avtomobil kirayəsi xidməti də John D. Hertz-in ideyasıdır. O, Amerikada ilk dəfə bu xidməti Hertz Corporation adı ilə yaradaraq avtomobil kirayəsini milli brendə çevirmişdir.

Kasıb ailədə böyüyən Con ilk qazancını avtomobil satışından əldə etmişdi. Rəqiblərindən fərqlənmək üçün o, yenilikçi üsul tətbiq etdi: yeni maşın alan müştərilərin köhnə avtomobillərini müəyyən məbləğ qarşılığında qəbul edirdi. O dövr üçün bu, tamamilə yeni yanaşma idi.

Ucuz qiymətə aldığı işlənmiş avtomobilləri sarı rəngə boyayaraq taksi kimi istifadəyə verdi və beləliklə Amerikada ilk ictimai taksilər “Yellow Cab” adı ilə fəaliyyətə başladı.

Sarı rəng seçimi də təsadüfi deyildi. Həmin dövrdə avtomobillərin əksəriyyəti, xüsusilə Ford Motor Company istehsalı maşınlar qara olurdu. Sarı rəng isə taksilərin şəhər küçələrində dərhal seçilməsini təmin edirdi.

Zamanla sarı rəngli taksi ənənəsi bütün dünyaya yayıldı və klassik taksi rəngi kimi qəbul edildi. Bu gün “taksi” deyiləndə çoxlarının göz önünə sarı avtomobil gəlir.

Nyu-York şəhər taksiləri isə bu ənənənin ən parlaq nümunəsidir. Şəhərdə 150-dən çox ölkədən olan sürücülər çalışır və hər biri ingilis dili imtahanı verməlidir. Sürücülərin cəmi 1%-i qadınlardır.

Şəhərdə taksilər gündə təxminən 600 min, ildə isə 236 milyondan çox sərnişin daşıyır. Müştərilərin 70%-i 35 yaşadək gənclərdir. Ən az istifadə edənlər isə 51–70 yaş qrupu olub, ümumi sərnişinlərin təxminən 5%-ni təşkil edir. Sorğular göstərir ki, kişilər qadınlarla müqayisədə taksidən daha çox istifadə edirlər.


AzEns.org.az/ Jalə Orucova