Dünyada Şerlok Holmsu tanımayan çox az insan tapılar. O, saysız-hesabsız kitabların, filmlərin və serialların qəhrəmanı olan, mürəkkəb cinayətlərin öhdəsindən məharətlə gələn məşhur xəfiyyədir. Londonda, Beyker-stritdə belə bir memorial lövhə də var: “Şerlok Holms 1881–1903-cü illərdə bu evdə yaşamış və işləmişdir.” Bu yazı bir çoxlarına Holmsun real şəxs olduğu təəssüratını yaradır.
Amma əslində, Şerlok Holms heç vaxt yaşamayıb — o, yazıçı Artur Konan Doylun yaratdığı bədii personajdır.
Konan Doylun müasirlərinin yazdıqlarına görə, Holmsun bir çox xüsusiyyətləri elə yazıçının özündən götürülüb. Artur Konan Doyl real həyatda da mürəkkəb cinayətlərin araşdırılmasında iştirak edir, hadisələrə fərqli yanaşma tərzi ilə seçilirdi. Hətta Çin və Misir hökumətlərinin də ondan kömək istədiyi deyilir.
Holms obrazının əsas prototipi isə Doylun tələbəlik illərində tanıdığı məşhur cərrah Cozef Bell olub. Bell xəstəyə bir baxışdan onun xəstəliyini, peşəsini və xasiyyətini demək bacarığına malik idi. Doyl tələbəlikdə onun yanında işləyərək bu müşahidə və analiz metodlarını mənimsəmiş, sonradan isə əsərlərində xəfiyyə Holmsun xarakterinə tətbiq etmişdir.
Deyilənlərə görə, Konan Doylun özündə də güclü məntiq, iti müşahidə qabiliyyəti və yaddaş varmış. O, qəzetlərdən cinayət xəbərlərini toplayır, öz-özünə həmin hadisələri təhlil edir və çox vaxt rəsmi istintaqla eyni nəticəyə gəlirdi. Bu da onun xəfiyyəliyə olan həvəsini daha da artırmışdı.
Beləliklə, Şerlok Holms real insan olmasa da, onun əsasında duran ideyalar və istifadə etdiyi metodlar gerçək həyatda mövcud olub — onların qaynağı isə Artur Konan Doyl və onun müəllimi Cozef Bell idi.
AzEns.org.az/ Jalə Orucova