Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Səhnəmizin “Qayınanası” – Nəsibə Zeynalova

2026-01-18 20:41:11 16

1967-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülən Nəsibə Zeynalovanın atası da Azərbaycan milli realist aktyor məktəbinin banisi idi. İlk və yeganə övladı Nəsibənin bu sənəti davam etdirməsi onun arzusu olub. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart qırğınları zamanı Cahangir Zeynalov ailəsi ilə İrana köçüb. Sentyabrda Bakıya qayıdarkən yatalağa yoluxub və qısa müddətdən sonra rəhmətə gedib. O dünyasını dəyişəndə Nəsibənin iki yaşı vardı.

İndiki şahmat məktəbinin yerində Cahangir Zeynalovun 40 otaqlı mülkü olub. 2–3 ildən sonra sovet hökuməti qurulur və Cahangir Zeynalovun bütün mülkləri müsadirə edilir. Anası Hüsniyyə xanım sonradan yenidən ailə qurur, amma həyat yoldaşı dəyərli əşyaları satır, C. Zeynalova aid bütün şəkil və sənədləri yandırır. Bunu da bəhanə olaraq, hökumətdən qorunmaq üçün etdiyini deyir. 

Ailəyə kömək etmək üçün Nəsibə Zeynalova 13-14 yaşlarında zavodda işləyir. Bir müddət sonra anasını da itirir. Zavodun özfəaliyyət dərnəyində onun istedadını görən Şəmsi Bədəlbəyli onu Musiqili Komediya Teatrına dəvət edir. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.

Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı İkinci Dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca şəxslə ailə qurur. İlk əvvəllər aktrisa bu nikaha razı olmur, lakin sonradan bu evlilik baş tutur. Bu evlilikdən 1954-cü ildə oğlu Cahangir Novruzov dünyaya gəlir. 

Nəsibə Zeynalova 100-ə yaxın ekranlaşdırılmış teatr və kino layihəsində iştirak edib. Ömrünün 65 ilini teatrda çalışır. 

Gülləri və xüsusilə pişikləri çox sevərmiş. Sahibsiz pişikləri evə gətirib onlara qulluq edər, hətta yorğan-döşək də tikərmiş.

Professional fəaliyyətini teatrda başlayan aktrisa Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları ilə kino məşhurluğu da qazanıb.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974).

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. 

Məzarı Fəxri xiyabandadır.


AzEns.org.az