Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Səhnəmizin ilk parodiyaçısı - Rza Darablı

2026-04-28 16:26:38 18

Rza Darablı Azərbaycan səhnə sənətində parodiya janrının ilk tanınmış nümayəndələrindən biri hesab olunur. Onun fəaliyyəti milli teatr və estrada mədəniyyətinin formalaşdığı dövrə təsadüf edir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Əsl soyadı Hüseynovdur, Darablı onun səhnə təxəllüsüdür. O, 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. 

Erkən yaşlarında atasını itirən Rza yetimliyin çətinliklərini yaşayaraq böyüyüb. 1911-ci ildən etibarən “Nicat” truppasında xorda çıxış edib, daha sonra “Darablı” və “Darablinski” təxəllüsləri ilə səhnəyə gəlib. Xüsusilə “Şərq müsamirələri”ndə parodiyaları ilə tanınıb, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Sidqi Ruhulla kimi məşhur aktyorları ustalıqla yamsılayaraq geniş şöhrət qazanıb. 

1919-cu ildə Dövlət Teatrı yaranana qədər Rza Darablı “Nicat” və “Səfa” truppalarında, həmçinin Üzeyir Hacıbəyli qardaşlarının teatr müdiriyyətində və Abbas Mirzə Şərifzadə tərəfindən yaradılan “Müsəlman artistləri ittifaqı”nda fəaliyyət göstərib.

Dövlət Teatrı qurularkən onun ilk aktyorlarından biri olub. İfa etdiyi əsas rolların bir neçəsini sizə təqdim edirik: 

Hüseyn Cavidin faciələrində Serqo və Şeyx Sənan ("Şeyx Sənan"), İblis və İbn Yəmin ("İblis"), Knyaz ("Knyaz")

Cəfər Cabbarlının pyeslərinin tamaşalarında Mustafa paşa ("Ədirnə fəthi")

Qraf Elster ("Kral Lir", Uilyam Şekspir)

Qacar, Həmzə bəy, İblis ("Ağa Məhəmməd şah Qacar", "Dağılan tifaq" və "Pəri Cadu", Əbdürrəhim bəy Haqverdiyev)

Ursus ("Gülən adam", Viktor Hüqo)

Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə) və s.

Rza Darablı Azərbaycanın ilk parodiya (təqlidçi) aktyorlarından biridir. O, tək və həmsənət dostu Əbülhəsən Anaplı ilə 1910-cu illərin ortalarından başlayaraq vaxtaşırı xüsusi konsert proqramları ilə çıxışlar ediblər.

Rza Darablının yaradıcılığında rejissorluq mühüm yer tutur. Bu sahədə ilk addımını 1919-cu ildə ataraq Mehdi bəy Hacınskinin və Cəfər Bünyadzadənin əsərlərini səhnələşdirib.

1925–1928-ci illərdə Moskvada təhsil aldıqdan sonra həm aktyor, həm də rejissor kimi fəaliyyətini davam etdirib. Bu dövrdə Aleksandr Tuqanov, Hüseyn Cavid və William Shakespeare kimi müəllif və rejissorların əsərlərində rejissor və assistent kimi çalışıb. 

Rza Darablı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Bakı Türk İşçi Teatrında quruluşçu rejissor kimi çalışıb.

Azərbaycanfilm studiyasında “Kəndlilər”, “Qız qalası” və “Səbuhi” filmlərində epizod rollara çəkilib. 1933-cü ildə teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Rza Darablı 23 mart 1942-ci ildə Bakıda vəfat edib.


AzEns.org.az / Jalə Orucova


İlklər Rza Darablı Parodiyaçı Teatr Aktyor