Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Sara Xatun ― ilk diplomat qadın

2025-11-27 12:41:10 27

Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatun bütün Şərqdə istedadlı diplomat kimi tanınan, böyük ağıl, mətanət və cəsarət sahibi bir qadın idi. O, Ağqoyunlu dövlətinin möhkəmlənməsi və xarici siyasətinin formalaşmasında mühüm rol oynamış, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını uğurla yerinə yetirmişdi. Məhz onun fəaliyyəti sayəsində kiçik Ağqoyunlu dövləti Osmanlı və Qaraqoyunlu kimi güclü rəqiblər arasında müstəqilliyini qoruya bilmişdi. Sara Xatun Bayandur elində dünyaya gəlmişdi.

Uzun Həsən xarici siyasətlə bağlı ən çətin məsələləri belə anası Sara Xatuna həvalə edirdi. Teymuri hökmdarı Əbu Səidin hücum təhlükəsi yarananda, sülh danışıqlarına gedən elçilərə də məhz o rəhbərlik edirdi.

Ağqoyunluların yaxın müttəfiqi olan Türkiyənin Qaraman əmirliyini aradan qaldırmaq istəyinə görə Osmanlı sultanı II Mehmetlə aparılan danışıqlara Sara Xatun göndərilmiş və 1461-ci il Yassıçəmən müqaviləsini imzalamışdı. Bu müqavilə Ağqoyunlu dövlətinin müstəqilliyini qoruması baxımından böyük rol oynamışdı.

Uzun Həsən Sara Xatunu II Mehmetin hərbi düşərgəsinə göndərərkən ona iki çətin tapşırıq vermişdi: Osmanlıların Ağqoyunlulara hücum planından və mümkün olsa, Trabzonu fəth etmək niyyətindən çəkindirmək. Sara Xatun yolda sultanı bu fikirdən döndərməyə çalışsa da, nəticə ala bilmədi. 30 günlük mühasirədən sonra, 1461-ci il oktyabrın 26-da Trabzon Osmanlılar tərəfindən fəth edildi. Şəhərin süqutundan sonra Sara Xatun gəlininin – Dəspinə Xatunun – taxt varisliyini irəli sürdü və Trabzon xəzinəsinin bölüşdürülməsindən sonra elçilərə rəhbərlik edərək geri qayıtdı.

Ağqoyunlularla gərginliyi azaltmaq üçün II Mehmet Sara Xatuna xüsusi hörmət göstərmiş və onu qiymətli hədiyyələrlə yola salmışdı.

Venesiyadan Azərbaycana göndərilən demək olar ki, bütün diplomatik sənədlərdə onun adı çəkilir. Xüsusilə 1461-ci ildə II Mehmetlə bağladığı sülh müqaviləsi Sara Xatunun diplomat kimi fəaliyyətində mühüm yer tutur və bu, onun xarici hökmdarlarla imzaladığı ilk sənədlərdən biridir.

Sara Xatun dövlətçilik tariximizə ilk qadın diplomat kimi daxil olmuş, fəxrlə anılan bir şəxsiyyətə çevrilmişdir.


AzEns.org.az/ Jalə Orucova