Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Sahili olmayan dəniz - Sarqas dənizi

2025-11-24 16:18:09 21

Sarqas dənizi planetimizin ən qeyri-adi dənizlərindən biridir. Dünyadakı bütün digər dənizlərdən fərqli olaraq, onun quru sahili yoxdur. Bu dəniz şimaldan Şimali Atlantik, cənubdan Şimal Passat, qərbdən Qolfstrim, şərqdən isə Kanar axınları ilə əhatələnir və bu axınların təsiri altında daimi hərəkətdə olur. Sarqas dənizi yeganə dənizdir ki, dayanmadan saat əqrəbi istiqamətində fırlanır.

Atlantik okeanının 20–40° şimal enlikləri arasında yerləşən bu iri, oval formalı dəniz xəritələrdə açıq-yaşıl rənglə göstərilir. Onun sahəsi 4–8 milyon kvadrat kilometr arasında dəyişir, yəni dəniz vaxtaşırı genişlənir və daralır. Ən dərin yeri isə təxminən 7 km-dir.

Sarqas dənizi 1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf olunmuş və o vaxt “su yosunu bankası” (şüşə qab) adlandırılmışdır. Maraqlıdır ki, dənizi örtən saysız-hesabsız yosunlar yalnız bir növdən ibarətdir. Sonralar portuqaliyalı dənizçilər yosunların üzərindəki qabarcıqların üzüm giləsinə bənzəməsi səbəbilə bu bölgəyə “sarqasso” adını vermişlər.

Uzun müddət belə düşünülürdü ki, dənizin səthindəki qalın yosun qatını axınlar başqa yerlərdən gətirir. Lakin sonradan məlum oldu ki, yosunlar məhz bu dənizin özündə yaranır, burada yaşayır və burada məhv olur. Məhv olduqları zaman qabarcıqları partlayır və yosunlar dənizin dibinə çökür.

Suyu həm duzlu, həm də son dərəcə şəffaf olan Sarqas dənizində 60 metr dərinlik belə aydın görünür. Sarqas dənizi, sahilsiz və özünəməxsus ekosistemi ilə dünyanın ən böyük dənizi hesab olunur.


AzEns.org.az/ Jalə Orucova