Qladiatorlar – Qədim Romada döyüşçülər olmuşdur. Bu döyüşçülər bir – biri ilə və ya heyvanlarla, xüsusi səhnədə, tamaşaçıları əyləndirmək üçün döyüşərdilər.
Qladiator döyüşləri insan qurbanı verilən dövrdə etruskların dəfn adətindən yaranmışdır və zamanla forması dəyişmişdir. Sonralar məhkumlar dərhal öldürülmür, məzar kənarında döyüşdürülürdü; zəif ölür, güclü sağ qalırdı.
Romalılar bu qəddar döyüşü ilk dəfə e.ə. 264-cü ildə “Öküz meydanı”nda görmüş və onu Roma səlnamələrinə yazmışlar.
Yadetmə mərasimləri ilə qladiator oyunlarının əlaqəsi unudulmamış, bu döyüşlər uzun müddət “dəfnetmə oyunları” kimi tanınmışdır. Sonradan bu ənənə “mumus” – yəni ölənlər qarşısında borc anlayışına çevrilmişdir.
Arxeoloqlar Efesdə böyük qladiator qəbiristanlığı aşkar etmişlər. Tədqiqatlar göstərmişdir ki, burada məhz qladiatorlar dəfn olunmuş, onların çoxu ölümündən əvvəl ağır xəsarətlər almışdır.
Qəbiristanlıqda 70-ə yaxın, əsasən 20–30 yaşlı qladiatorun məzarı tapılmışdır. Bəzilərinə cərrahi amputasiya edilmiş, yaralı döyüşçülərə isə yüksək səviyyəli müalicə göstərilmişdir. Bu ərazi indiki Türkiyədə yerləşir.
Roma imperiyası ərazilərində tapılan şamdanların çoxunda qladiator səhnələri təsvir olunmuşdur; bu da döyüşlərin geniş populyarlığını göstərir.
Eramızın 63-cü ilində imperator Neron sərəncam vermişdir ki, kişilərdən əlavə, evli olmayan qadınlar da qladiator döyüşlərində iştirak edə bilərdilər. 66-cı ildə Neron Puteola şəhərində çar Tiridatın şərəfinə təntənəli bir qladiator döyüşləri təşkil edir.
Döyüşçü ölümcül yaralananda mübarizə dayandırılırdı və onun taleyi tamaşaçılardan asılı olurdu: baş barmağı aşağı — ölüm, dəsmal yelləmək — bağışlanma demək idi.
Qladiator döyüşlərində qaliblər mükafatlandırılırdı; ən böyük hədiyyəni qladiator Spikul almış, imperator Neron ona imarət bağışlamışdır.
Bəzən qadınlar da döyüşürdü, hətta bəzi imperatorlar iştirak edirdi. Məsələn, Kommod tez-tez arenaya çıxır və “qalib” elan olunurdu.
Roma aristokratları şəxsi qladiator-mühafizəçilər saxlayırdı; Yuli Sezarin 2.000-dən çox cangüdəni olmuşdur.
Biletlər baha idi və döyüşlər mərc xarakteri daşıyırdı — böyük pullar oynanılır, insan həyatı riskə atılırdı.
Qladiator döyüşləri ilk- öncə qaydasız, sonralar isə ciddi qaydalarla tənzimlənirdi. Daha sonralar isə, hətta qladiator döyüşləri zamanı meydanda hakimlər olurdu və döyüşləri qoyulmuş qaydalarla tənzimləyirdi.
AzEns.org.az/ Jalə Orucova