Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Qədim Azərbaycan şəhəri - Ərdəbil

2025-07-24 19:20:00 18

Ərdəbil dəniz səviyyəsindən 1570 metr hündürlükdə, tarixi ticarət yollarının üzərində yerləşən qədim Azərbaycan şəhəridir. Şumer abidələrində Ərdəbilin yaşının 5000 ilə yaxın tarixi olduğu qeyd edilir. 

Müsəlman tarixçiləri Ərdəbilin təməlini Sasani hökmdarı I Firuz (459-484) ilə əlaqələndirirlər və ona Firuzabad adı verilmişdir. 

İlk vaxtlar ərəblər bu şəhərin siyasi və inzibati mərkəz statusunu saxladılar, hətta xəlifə Əli (656-661) dövründə Azərbaycan hakimi təyin edilmiş əl-Əşas ibn Qeys dövlətin təminatı hesabına yaşayan ərəbləri Ərdəbildə yerləşdirmiş, bu şəhəri abadlaşdırmış, burada məscid tikdirmişdi. 

Əməvilərin dövründə isə Azərbaycanın paytaxtı Marağadan buraya köçürülmüşdür. Əməvilər dövründə (661-750) ərəblərin hərbi və idarə mərkəzləri Ərdəbildə yerləşirdi. 

D.Behazin sözlərinə görə: "Ərdəbil Sasanilərin və ərəblərin ilk dövründə Azərbaycanın paytaxtı, Abbasilərin dövründə isə iranlıların (müəllif azərbaycan türklərini iranlı (fars) hesab edir) ərəblərə qarşı apardığı mübarizənin mərkəzi olmuşdur. Mülahizələrə əsasən, Ərdəbil Avesta dilindən və Artabil sözündən götürülüb. Bu ad iki hissədən – "arta" və "vil" sözlərindən ibarətdir və "müqəddəs yer" mənasını verir. 

941-ci ildə Sacilər dövlətinə son qoyaraq Salarilər dövlətini yaradan Mərzuban ibn Məhəmməd Ərdəbili paytaxt kimi saxlayır.

Səfəvilərin hakimiyyəti zamanı Ərdəbil ictimai-iqtisadi nöqteyi-nəzərdən özünün yüksək səviyyəsinə qalxaraq, Yaxın Şərqin ən məşhur şəhərlərindən birinə çevrilir. 

XVIII əsrin 40-cı illərində Nadir şahin ölümündən sonra Nəzərəli xan Şahsevən Ərdəbildə özünü müstəqil xan elan edir və Ərdəbil xanlığın paytaxtı seçilir.

1746-cı ildə Muğanın Ultan qalasında (Suqovuşanda) Nadir şahın tacqoyma mərasimi keçirildikdən sonra, o, bu hadisəni Ərdəbildə təntənə ilə qeyd etmişdir. Qacarların hakimiyyəti dövründə isə Azərbaycanın başqa şəhərləri kimi Ərdəbil də yavaş-yavaş öz əhəmiyyətini itirməyə başlayır. 

Ərdəbilin əhalisi 1728-ci ildə 14–15 min, XIX əsrin sonlarında 20 min, 1930-cu ildə isə 40 min nəfər təşkil etmişdir. 2017-ci il siyahıyaalınmasına görə, Ərdəbil şəhərinin əhalisi 605 992, Ərdəbil rayonunun əhalisi isə 529 374 nəfərdir.

Ərdəbil şəhərinin əhalisinin böyük əksəriyyəti (98%) tarixən Azərbaycan türkü olub və hazırda da Azərbaycan türkcəsində danışılır.