Novruz Bayramı baharın gəlişini və yeni ilin başlanmasını qeyd edən çox qədim bayramdır. 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə nümayəndəliklərinin siyahısına daxil olunub.
Novruz bayramı bahar şöləni olaraq dünyanın bir çox ölkələrində məhz mart ayının 21-də qeyd olunur. Dünyada bu bayramı təxminən 300 milyondan çox insan qeyd edir.
Novruz əsasən Şərq xalqlarına məxsus bayramdır və ən geniş şəkildə Azərbaycan, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Əfqanıstan və Türkiyə kimi ölkələrdə qeyd edilir.
Qazaxıstanda “Naurız” yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni ilin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü).
İran bu ölkələr arasında Novruz bayramını qədimdən bəri əsas bayram kimi qeyd edənlərdən biridir. İran xalqı bizdə olduğu kimi 4 çərşənbəni də qeyd edir və süfrədə 7 növ yeməklə baharı qarşılayırlar.
Türkiyədə Mərkəzi Anadoluda Novruz bayramı "mart doqquzu" kimi tanınır. Diyarbakir, Van, Hakkari, Kars, Erzurum bölgələrində daha geniş və kütləvi şəkildə keçirilir.
Əfqanıstanda Novruz süfrəsinin ən məşhur yeməklərindən biri “Haft Mewa” adlanan xüsusi şirniyyat qarışığıdır. Bu yemək yeddi müxtəlif quru meyvədən hazırlanır və bolluq, bərəkət rəmzi hesab olunur. Ən məşhur tədbirlərindən biri Məzari-Şərif şəhərində keçirilən bayraq qaldırma mərasimidir.
Pakistanda Novruz bayramını bütün ölkə əhalisi qeyd etmir. Bu bayram xüsusilə İran mədəniyyətinin təsiri olan bölgələrdə (əsasən İsmaililər) və bəzi etnik qruplar arasında yayılmışdır.
AzEns.org.az