Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

İlk oruc nə zaman tutuldu?

Sualı göndərən şəxs Sona Alieva     [email protected]
2026-02-20 17:24:32

İslam və Budizm kimi bir çox dində oruc mənəvi təmizlənmə ilə yanaşı, yeni bir mərhələyə keçid kimi qəbul edilirdi. “Günəşin oğlu” adlandırılan Yapon imperatorunun orucdan sonra yeyəcəyi müqəddəs bir yemək vardı. Bəzi mədəniyyətlərdə krallar taxta çıxmazdan əvvəl oruc tuturdular. Oxşar şəkildə, hindularda və yəhudilikdə gəlinlə bəyin nikahdan əvvəl oruc tutması ənənəsinə rast gəlinir. 

Ərəb tarixçisi ət-Təbəri (840-923) İslam tarixini Hz. Adəmdən başlayaraq nəql edir. Nəql etdiyinə görə, ilk orucu ilk peyğəmbər olan Hz. Adəmin tutduğuna inanılır. Sonrakı peyğəmbərlərdən Hz. Musa və Hz. İsanın 40 gün oruc tutduğu rəvayət edilmişdir. Həmçinin hədis mənbələrinə görə Hz. Davud bir günü oruclu, bir günü isə orucsuz keçirərdi. 

İbn İshaq və Əhməd ibn Hənbəl nəql etdiyinə görə, Hz. Məhəmməd Mədinəyə hicrətindən etibarən Aşura günündə və hər ay 3 gün oruc tuturdu. Daha sonra orucun bütün müsəlmanlara fərz ibadət olduğunu bildirən ayələr nazil oldu: “Oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı” (Bəqərə, 183). Bu hadisə hicrətin 2-ci ilində, yəni 624-cü ilin ilk aylarında baş verdi. Bir müddət sonra isə fərz orucun Ramazan ayında tutulacağı bildirildi.


AzEns.org.az/ Jalə Orucova