Xam neft çox qədimdən insanlara məlum idi. Keçmişdə ondan əsasən lampalar və məşəllər üçün istifadə olunurdu. ABŞ-dakı Alleqan dağları ətrafında neft yataqları yer səthinə çox yaxın olduğuna görə öz-özünə üzə çıxırdı.
Daha əvvəllər neftdən tibbi məqsədlər üçün istifadə edilirdi. Zaman keçdikcə onun əhəmiyyəti və tələbatı daha aydın hiss olunmağa başladı.
Neft əldə etmək üçün yer qazmaq bir vaxtlar heç kimin ağlına gəlmirdi. Bu üsulu ilk dəfə Nyu-Yorklu sənayeçi Corc Bissell tətbiq etdi. O, nefti analiz etdirərək onun bir çox faydalı xüsusiyyətlərini aşkarladı.
1857-ci ildə Bissell neft sahəsi ilə bağlı bütün işləri Edvin L. Dreykin öhdəsinə verdi. Amma qazılan bütün quyulara torpaq dolurdu. Daha sonra E. L. Dreyk bu problemin qarşısını almaq üçün quyulara dəmir borular salmaq ideyasını irəli sürdü.
Bu yenilik sayəsində qazma mümkün oldu və həmin üsul bu günədək istifadə olunur.
Neftin yaranması qədim canlıların qalıqları ilə əlaqələndirilir. Milyon illər əvvəl Yer səthinin böyük hissəsi su altında idi. Dəniz canlıları günəş enerjisini öz bədənlərində toplayır, öldükdən sonra dənizin dibinə çöküb gil qatı ilə örtülürdülər. Zamanla kimyəvi proseslər və bakteriyalar bu qalıqları neftə çevirmişdir.
Əslində qaz və neftin dəniz canlılarının qalıqlarından hansı mexanizmlə əmələ gəldiyi tam məlum deyil. Lakin dəqiq bilinir ki, neft dənizin dibində formalaşır. Yer qatlarının hərəkəti nəticəsində bir vaxtlar dəniz olan ərazilər qurulaşmış, neftin bir hissəsi quruda, böyük hissəsi isə hələ də dənizin dibində qalmışdır.
Bu gün ən zəngin neft yataqları dənizin dibindədir. Yerin quru hissəsində olan neft yataqlarının əksəriyyəti isə, əvvəllər dənizin dibi olmuş qumsal səhralardadır. Bu da ona sübutdur ki, neft dənizin dibində yaranır.
1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.
AzEns.org.az