XIX əsrdəki ixtiralar dünya inkişafına güclü təkan verdi. Bu yeniliklər arasında fotoqrafiya xüsusilə seçilərək bu günə qədər geniş populyarlığını qoruyub saxlamışdır.
Bəşər tarixindəki ixtiralar, kəşflər insanların həyatının daha da yaxşılaşmasına, maraqlı və rahat olmasına xidmət etmişdir.
Ölkəmizdə fotoqrafiyanın 150 ilə yaxın yaşı var. Əzizbala Hacıyev ölkəmizdə fotoqrafiyanın əsasını qoyanlardan biri hesab olunur.
Ə. Hacıyev 1895-ci ildə Təbrizdə anadan olmuşdur. Bu fakt isə sonralar Sovet repressiyaları zamanı ona qarşı “əsas” kimi istifadə edilmişdi.
Atası Məmmədəli Hacıyev Qubalı idi və silah satışı ilə məşğul olurdu. Anası Səkinə isə ipək və məxmər üzərində tikmələri ilə tanınırdı. Ailə Bakının Aşağı Dağlı məhəlləsində ata-baba mülkündə yaşayırdı. Atasının ölümündən sonra Əzizbalının himayəsini ailənin yaxın qohumu, milyonçu Hacınski üzərinə götürmüşdü.
Ə. Hacıyev sovet hakimiyyəti qurulduqdan sonra peşəkar fotoqrafiyaya başlamışdır. Həmin dövrdə bu sənətlə məşğul olmaq üçün şəhər qubernatorundan xüsusi icazə almaq tələb olunurdu. XX əsrin əvvəllərində neftlə zəngin Bakıda foto işi əsasən yəhudi, rus və erməni ustalarının əlində idi. Şəhərdə ilk fotostudiya Bazar küçəsində (indiki Azərbaycan prospekti) fəaliyyət göstərirdi.
Foto sənətinə böyük marağı onu öz studiyasını açmağa sövq etdi. Bu məqsədlə Bayıl qəsəbəsində yer götürərək şəxsi fotostudiyasını yaratdı. Lazım olan bütün avadanlıqları, hətta ən xırda detalları belə Almaniyadan sifariş etdirirdi. O dövrün çoxmillətli Bakısında azərbaycanlı bir gəncin fotoqrafiya ilə məşğul olub studiya açması olduqca cəsarətli bir addım sayılırdı.
Ə. Hacıyevin sənət çevrəsi geniş idi və ən yaxın dostlarından biri Hüseyn Cavid idi. Cavid özünün yenicə çap olunan əsərlərinin külliyyatını ona hədiyyə etmişdi. Böyük ehtimalla bu hədiyyə də sonradan ona baha başa gəldi.
Paytaxtda ilk fotostudiyalardan birinin yaradıcısı və işinə ürəkdən bağlı olan azərbaycanlı fotoqraf kimi bu dəfə də Əzizbala erməni fitnəsinin qurbanı oldu. Onun həbsinə səbəb olan şəxs də yaxınlıqda studiyası olan erməni fotoqraf idi. Ə. Hacıyev İranla əlaqədə olmaqda, qaçaqmalçılıqda və Hüseyn Cavidlə dostluqda ittiham edildi. Nəticədə bütün əmlakı müsadirə olundu, fotostudiyası isə dağıdıldı.
Arxangelskə sürgün edilən Əzizbalanın bəxti burada bir qədər gətirdi: zona rəisinə fotoqraf lazım idi və o, məhbusların sənəd şəkillərini çəkməyə başladı. Sevdiyi sənət, demək olar ki, onun həyatını xilas etdi. Sürgün haqqında məlumatlardan aydın olur ki, o, Arxangelsk vilayətinin Oneqlaq adlı qəsəbəsində cəza çəkmişdir.
Əzab və sarsıntılarla dolu sürgündən qayıdan Ə. Hacıyev əvvəlki kimi sənətinə dönə bilmədi. Bakıya qayıtdıqdan sonra bir müddət mənzil-istismar idarəsində müdir vəzifəsində çalışdı.
Azərbaycan Respublikasının 1920-1937- ci illərdə fəaliyyət göstərmiş ilk fotoqrafı Əzizbala Hacıyev 1973-cü ildə vəfat etmişdir.
AzEns.org.az/ Jalə Orucova