Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Dünyada tapılan ilk sevgi şeiri - ARAŞDIRMA

2026-04-24 11:53:57 58

Dünyada tapılmış ən qədim sevgi şeiri “Şu-Sin üçün sevgi nəğməsi” sayılır. O, təxminən e.ə. 2000-ci illərə aiddir və Şumer dilində, mixi yazı ilə gil lövhə üzərinə yazılıb.

Şeir Nippur şəhərinin xarabalıqlarında tapılıb. Nippur qədim Şumer şəhəri idi; bu yer indiki İraqın cənubunda, qədim Mesopotamiya ərazisində yerləşir. Lövhə XIX əsrin sonlarında, təxminən 1889–1900-cü illərdə aparılan qazıntılar zamanı aşkar edilib. Sonra tapıntı Osmanlı dövründə İstanbula aparılıb və hazırda İstanbul Arxeologiya Muzeyləri nəzdində Qədim Şərq Muzeyində saxlanılır. Lövhənin inventar adı çox vaxt “Istanbul #2461” kimi göstərilir.

Onun sevgi şeiri kimi tanınması isə daha sonra baş verib. Lövhə uzun müddət muzeydə saxlanılıb, amma mətnin əhəmiyyəti 1951-ci ildə şumerşünas Samuel Noah Kramer tərəfindən oxunub-tərcümə ediləndə aydınlaşıb.

Şeir kral Şu-Sinə həsr olunub. Şu-Sin Ur III sülaləsinin hökmdarlarından biri idi. Mətn bir qadının kralı tərifləməsi, ona sevgi və heyranlıq bildirməsi formasındadır.

Şeirin məzmunu olduqca səmimi və romantikdir. 

Dilimizə tərcüməsi təxmini belədir: 

Mənim bəyim, canımın içi,

Gönül açar gözəlliyin bal kimi şirin,

Aslan, canımın içi,

Xoşdur gözəlliyin, bal kimi şirin.

Məni əsir etdin, titrəyərək qarşısında dayanım,

Bəyim, yataq otağına götür məni,

Məni əsir etdin, titrəyərək qarşısında dayanım,

Aslan, yataq otağına apar məni.

Mənim bəyim, səni oxşayım,

Sevdalı sözlərin baldan da şirin,

Balla dolu otaqda,

Gönül açan gözəlliyinin dadını çıxaraq,

Aslan, oxşayım səni,

Sevdalı sözlərin baldan da şirin.

Bəyim, şəfəqə qədər yat evimizdə,

Bilərəm ürəyinin harada sevindiyini,

Aslanım, şəfəqə qədər yat evimizdə.


Hazırladı: AzEns.org.az/ Jalə Orucova

İlklər Şeir Poeziya Şumerlər Mesopotamiya