5 iyul 1841-ci ildə ingilis ictimai fəalı Tomas Kuk tarixə düşən bir təşəbbüs həyata keçirdi. O, dünyanın ilk təşkil olunmuş qrup səyahətini təşkil edərək müasir turizmin əsasını qoydu. Bu səbəbdən də sonradan o, “turizmin ixtiraçısı” kimi tanındı.
1841-ci ildə təşkil etdiyi ilk səfərdən qazanc götürmək əsas məqsəd deyildi. Bu daha çox sosial təşəbbüs idi — alkoqolizmə qarşı mübarizə aparan insanları bir araya gətirmək üçün təşkil olunmuşdu.
Kukun təşəbbüsü ilə Midland Counties Railway şirkəti xüsusi qatar ayırdı. Bu səfər İngiltərənin Lesterşir qraflığında Leyster və Lafboro şəhərləri arasında təşkil olunmuşdu. Səfərdə 570 nəfər iştirak edirdi.
1850-ci illərdən etibarən Kukun təşkil etdiyi səfərlər Avropanın bir çox şəhərlərini əhatə etməyə başladı. 1865-ci ildə o, ingilislər üçün Amerikaya, amerikalılar üçün isə Avropaya səyahət imkanları yaratdı.
Təsis etdiyi Thomas Cook & Son agentliyi tarixdə ilk peşəkar turizm şirkəti kimi tanındı. O, ilk dəfə nəqliyyat, yemək və qalma xidmətlərini bir paketdə birləşdirdi. Bu gün “all-inclusive” dediyimiz modelin əsası məhz onun tərəfindən qoyulub.
Maraqlıdır ki, məşhur yazıçı Mark Tven də bu agentliyin ilk müştərilərindən biri olmuşdu.
Thomas Cook & Son vasitəsilə Avropa ilə yanaşı Misirə, Hindistana və hətta dünya turuna qədər uzanan səyahətlər təşkil olunurdu.
Thomas Cook Group uzun illər dünyanın ən məşhur turizm şirkətlərindən biri idi. Oğlu John Mason Cook atasının biznesinə qoşulan əsas şəxs olub. Ondan sonra şirkəti onun qardaşları və daha sonra növbəti nəsil (Kukun nəvələri) idarə etdi.
XX əsrin əvvəllərində şirkət tədricən ailənin nəzarətindən çıxdı. Səhmlər satıldı və artıq ailə üzvləri rəhbərlikdə olmadı.
2019-cu ildə maliyyə problemlərinə görə şirkət iflas etdi. 2020-ci ildə şirkətin adı və onlayn platforması "Fosun International" tərəfindən alındı.
AzEns.org.az/ Jalə Orucova