Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Bu ölkədə hamı bir-birini tanıyır (Jalə Orucovanın təqdimatında)

2025-12-14 15:15:56 28

Günlərim çox dolu olur, enerjimi bəzən ölkədən uzaqlaşaraq bərpa edə bilirəm. Bu gün sizə iyun ayında ziyarət etdiyim kiçik, gözəl Lixtenşteyn knyazlığı haqqında danışacağam. Deməli, 


Lixtenşteyn Avropanın mərkəzində yerləşməsinə baxmayaraq, burada sərnişin hava limanı (aeroport) və dəmiryol vağzalı yoxdur. Paytaxt Vadutsa gəlmək üçün yalnız ictimai nəqliyyatdan istifadə etmək lazımdır. Mən bura Sürix şəhərindən qatarla gəlmişdim, təxmini 1 saatlıq məsafədir. 

Lixtenşteyn dünyada qeydiyyatdan keçmiş şirkətlərin vətəndaşlarından (təxmini 37 min vətəndaşı var) daha çox olduğu ölkədir. Bu şirkətlər daha çox protezlərin (diş) aparıcı istehsalçılarıdır. 

Lixtenşteyn dünyada ən aşağı cinayət nisbətinə malikdir. Ölkədə asayişi cəmi 125 polis əməkdaşı qoruyur - bu, ölkədə yeganə silahlı qüvvədir. Çox az məhbusun saxlanıldığı həbsxana var. 2 ildən artıq cəza çəkən şəxs yoxdur, olduğu halda, həbs cəzasına məhkum edilmiş vətəndaş Avstriyaya köçürülür.

Lixtenşteyn knyazlığında bütün mağazalar, müəssisələr, banklar, idman zalları 10:00-dan 17:00-a qədər, nahar fasiləsi - 12:00-dan 14:00-a qədər açıqdır. Saat 17:00-a qədər su və portağal almamısınızsa, susuz və portağalsız qalacaqsınız. 

Marketlərdə satılan məhsulların 90%-i orqanikdir və bahadır. 

Mən Vaduts mərkəzində 5 avroya passportuma Lixtenşteyn möhürü vurdurdum. Bu rəsmi möhür hesab olunmur və sadəcə turistik xarakter daşıyır. İstənilən şəxs ödəniş edərək, Lixtenşteyn möhürünü passportuna vurdura bilər.

Lixtenşteyn o qədər kiçikdir ki, onu bir saata maşınla keçə bilərsiniz (sahəsi 160 km²-dir). Pul vahidi isə İsveçrə frankıdır. Ölkədəki bütün insanlar tanışdır, əhalisi az olduğu üçün küçədəki insanlar bir-biri ilə salamlaşırlar. 


AzEns.org.az/ Jalə Orucova