Bərbərlik (dəlləklik) – qədim və hörmətli peşələrdəndir. İnsanlar hər dövrdə xarici görünüşə önəm verdiyi üçün bu sənətə həmişə yüksək dəyər verilib.
Edo dövründə (1603–1867) Yaponiyada bərbərlik yalnız xarici görünüşə qulluq demək deyildi. O dövrdə kişilər alın və başlarını qırxdırır, saçlarını xüsusi qaydada yığdırırdılar, buna görə bərbərlərə daima böyük tələbat vardı. Dəlləklər günboyu müştərilərlə söhbət etdiklərinə görə şəhərdə baş verən hər şeydən xəbərdar olurdular. Məhz buna görə Edo hakimiyyəti (Edo o zamanlar Yaponiyanın önəmli şəhərlərindən idi) onlardan eşitdikləri və gördükləri barədə gündəlik məlumat vermələrini tələb edirdi. Bu məlumatlar olduqca vacib idi, çünki taxta evlərlə dolu şəhərdə tez-tez ölümcül yanğınlar baş verirdi.
Edo şəhərində evlər taxtadan və bir-birinə çox yaxın tikildiyi üçün kiçik bir yanğın belə bütöv məhəlləni məhv edə, yüzlərlə insanın ölümünə səbəb ola bilərdi. Bu təhlükəyə görə qəsdən ev yandırmaq ən ağır — ölüm cəzası ilə cəzalandırılırdı. Yanğınlar müxtəlif səbəblərdən törədilə bilərdi: oğurluq, düşmənçilik, soyğunçuluq, qisas və hətta tacirlərin öz mallarını satmaq istəyi. Yanğınların qarşısını almaq və günahkarları tez tapmaq üçün bərbərlərin məlumatları xüsusi rol oynayırdı. Şəhər hakiminin əmri ilə bütün bərbərlər hər gün eşitdiklərini və gördüklərini məhəllə polisinə çatdırmalı idi. Onların verdiyi məlumatlar sayəsində bir çox yanğın və cinayətin qarşısı vaxtında alınırdı.
Tarixən Yapon mədəniyyətində intihar bəzi hallarda qəbahət sayılmadığından bu vərdiş köklü şəkildə günümüzə qədər gəlib. Bu problemin qarşısını almaq üçün indi də bərbərlərin rolundan istifadə olunur: müasir bərbərlər peşə ilə yanaşı xüsusi psixologiya dərsləri də alır və risk altında olan insanları vaxtında hiss etmək üçün maarifləndirilirlər.
Bərbərə gələn müştərilər çox vaxt öz problemlərini bölüşdüyündən, psixologiya bilən bərbərlər onlara uyğun məsləhət verərək gərginliyi azalda bilir və bir çox insanı özünəqəsd fikrindən uzaqlaşdırır. Toyami şəhərinin göstərişi ilə bərbərlər və digər məişət sahəsi işçiləri üçün ilkin psixoloji yardım kursları təşkil edilib. Bu təlimlər sayəsində onlar müştərilərə düzgün dəstək göstərə bilir və bu proqramın yüksək səmərəlilik verdiyi bildirilir.
AzEns.org.az/ Jalə Orucova