Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Azərbaycanın ilk qadın Xarici İşlər Naziri — Tahirə Tahirova

2025-07-16 16:11:24 42

Azərbaycanın ilk qadın Xarici İşlər Naziri olan Tahirə Tahirova, özünün zəhməti, bacarığı və səriştəsi ilə həm ölkəmizin, həm də dünya diplomatiyasının inkişafına mühüm töhfələr vermişdir.

Tahirə Əkbər qızı Tahirova 7 noyabr 1913-cü ildə Türkmənistanın Bayraməli şəhərində ziyalı bir ailədə dünyaya gəlmişdir. 1920-ci ildə ailəsi ilə Bakıya köçən Tahirə, burada təhsilini yüksək qiymətlərlə tamamlayıb. 1929-cu ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Tahirə Tahirova, 1935-ci ildə İnstitutun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi işçi olaraq fəaliyyətə başlamış və bununla da, neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur.

Bakıya qayıtdıqdan sonra Tahirə müxtəlif neft mədənlərində işləyib. İlk dövrlərdə bu işlər onun üçün çətin olsa da, kişilərin dominant olduğu bu sahədə öz bacarığı ilə nüfuz qazanır. 

1937-1940-cı illərdə isə Azərbaycan Sənaye İnstitutunun Neft yataqlarının istismarı kafedrasının aspirantı və assistenti kimi fəaliyyət göstərib. Tələbəlik illərində geologiya və meteorologiya elmləri namizədi Abdulla Bayramov ilə tanış olan Tahirə xanım, İnstitutu bitirdikdən sonra onunla ailə qurur. 

Cəmi bir ildən sonra müharibə başlayır və hamı kimi Tahirənin yoldaşı da cəbhəyə göndərilir. Həmin dövrdə Tahirə xanım, Mərkəzi Komitənin neft sənayesi şöbəsinin müdiri kimi, ordunun yanacaq və sürtkü materialları ilə fasiləsiz təmin olunmasına birbaşa cavabdeh şəxs idi.

1950-ci ildən etibarən Tahirə Tahirova fəal ictimai-siyasi fəaliyyətə başlamış, müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərində yer alaraq, bir çox xarici ölkələrə səfərlər etmişdir. 1954-1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri seçilmişdir. Onun yüksək diplomatik səriştəsi, məsuliyyətə yanaşması və yorulmaz əməyinin nəticəsi olaraq, 1957-ci ildə Azərbaycanın Xarici İşlər Naziri vəzifəsinə təyin olunmuşdur. Lakin, bu vəzifəyə yalnız 1959-cu ildə, SSRİ XİN-nin Diplomatik Akademiyasını bitirdikdən sonra başlamışdır.

Tahirə Tahirova Lenin ordeni, beş dəfə Qırmızı Əmək bayrağı, Şərəf nişanı və Xalqlar dostluğu ordeni ilə təltif olunmuşdur. O, həmçinin türk, ingilis, rus və ərəb dillərini bilirdi. Tahirə xanın 1984-cü ilə qədər Xarici İşlər Naziri olaraq fəaliyyətini davam etdirmişdir. 

1991-ci il oktyabrın 26-da 78 yaşında Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 

“Mən yaşadığım ömür payından narazı deyiləm. Çünki bütün bu etdiklərim sadəcə, xalqımın və millətimin rifahı, xoş gələcəyinə xidmət edirdi”.