Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Azərbaycana məxsus muğam

2025-07-26 18:05:32 30

Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. 

Muğam sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Muğam — Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. 

Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.

Muğamın bir janr kimi formalaşması XII–XIII əsrlərə - “Müsəlman Renessansı” dövrünə aid edilir. Bu dövrdə məhz poeziyanın yüksəlişi (Nizami, Xaqani, Nəsimi, Füzuli və başqa şairlər) muğamın da inkişafına təkan vermişdir. Muğam Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır.

Bəzi tarixçilər muğamın köklərini zərdüştçülüklə bağlayırlar. Azərbaycanda muğamı, adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. 

"Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.