Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

«Yenə o bağ olaydı» şeiri kimə yazılıb?

2025-08-02 00:37:38 62

Yenə o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq.


"Yenə o bağ olaydı" Mikayıl Müşfiqin bəlkə də ən məşhur şeiridir. Bu şeir 1936-cı ilin yayında Pirşağıda yazılıb. Mikayılın heç ağlına gəlməzdi ki, bu şeirdən sonra onu həbs və işgəncələr, sonda isə güllələnmə gözləyir.

Bəlkə də, bir çoxunuz Mikayılın bu şeiri həyat yoldaşı Dilbər xanıma həsr etdiyini düşünür. Şeirin kimə ünvanlandığı uzun müddət sirr qalsa da, yalnız ötən əsrin sonlarında bəzi ehtimallar üzə çıxıb.

Şeir Arifə Məmmədxanlıya həsr olunub - yazıçı Ənvər Məmmədxanlının bacısı.

Böyük şairin həsrətində olduğu bağ isə Ənvər Məmmədxanlının bağı idi. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Rəsul Rza yayı bu bağda keçirərdilər.

Arifə Məmmədxanlı ölüm ayağında ikən özü bunu yazıçı, publisist Rafael Hüseynova etiraf edib. Bundan bir neçə il öncə isə (1986-cı il) sirrini bacısı Həbibə xanıma açıbmış.

 “Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: “Bax, nə xoş bir təsadüf”. Heç yadımdan çıxmır. Dedi: “Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şeir var. O şeiri verəcəm sənə”. Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. 

Sonra açıb baxanda gördüm yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim, görəsənn, şeirdə bizim bağı yazıb? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət o şeir məndə qaldı. 

Ərə gedəndə, bir-iki dənə oğlan məktubu-filan vardı, cırdım onların hamısını. Çünki bilirdim İbrahimin xasiyyəti tünddür. Nə qədər zarafatı vardısa da, bir o qədər də qısqanc adam idi. Özü də mənə e... Mənim nəyimi qısqanırdı, bilmirəm. Bu şeirdə, əslində o “Arifəyə” sözü olmasa, sən deyən elə bir şey yoxdu. Nə ad çəkilmişdi, nə bir şey. Amma ehtiyat elədim. Bunu da cırdım”.


AzEns.az/ Jalə Orucova