Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Qurban Səid" adlı şəxs olub?

2026-01-14 13:51:46 19

Azərbaycanda ilk dəfə Qurban Səid imzası ilə “Əli və Nino” romanının 1971-ci ildə xaricdə çapdan çıxması məlum olmuş, bu barədə “Bakı” qəzetində (31 iyul 1973-cü il) “Ədəbi Əlaqələr genişlənir” başlığı altında Məntiqə Muradovanın aşağıdakı məlumatı dərc olunmuşdur. İraqda çıxan “Qardaşlıq” jurnalında Qurban Səidin “Əli və Nino” adlı məhəbbət romanından bəhs edilmişdir. Romanın müəllifi “Qurban Səid” təxəllüsü ilə verilsə də müəllifin adı sonradan müəyyənləşdirilmişdir. Bu görkəmli azərbaycanlı yazıçı Yusif Vəzir Çəmənzəminlidir. 

Y.V.Çəmənzəminlinin oğulları Orxan və Fikrət Vəzirovların apardıqları tədqiqat (14 səhifə, 62 bənd) “Əli və Nino” əsərində gedən sətirlərin Yusif Vəzirin gündəliklərində və çap olunmuş başqa əsərlərində olduqlarını sübut edir.

1987-ci ildə ədəbiyyatşunas Bəylər Məmmədov “Elm və həyat” jurnalında (1987, № 2) Amerikada çıxan qəzet və məqalələrə əsaslanaraq yazdığı “Qurban Səid kimdir” məqaləsində Qurban Səidin Y.V.Çəmənzəminli olduğunu isbat edir.

1971-ci ildə “Əli və Nino” romanının Türkiyədə elan olunmuş kitabının müqəddiməsində bu barədə ətraflı yazılır və kitabın müəllifinin Yusif Vəzir Çəmənzəminli olduğu Üzeyir Hacıbəyovun Fransada yaşayan qardaşı Ceyhun Hacıbəylinin təsdiq etdiyi verilir.

“Əli və Nino” romanı Qurban Səid imzası ilə bir çox ölkələrdə çap olunmuşdur. Qurban Səid imzası ilə digər bir əsər – “Xalicli qız” (Bosfor boğazında buxta adı) kitabı çıxmışdır. Müəllifin əsl adının müəyyən olunması yolunda axtarışlar aparılmışdır. Azərbaycandan olan mühacirlər belə bir fərziyə irəli sürmüşlər ki, bu kitabın müəllifi Yusif Vəzir Çəmənzəminlidir.

Ədəbiyyatçı-alim Qasım Qasımzadənin ədəbiyyat qəzetində (22.11.91) “Mühacirət və müasir Azərbaycan ədəbiyyatının bəzi məsələləri” məqaləsi çap olunmuşdur. Məqalədə deyilir ki, Yusif Vəziri yaxşı tanıyan onunla birlikdə Parisdə yaşayıb əməkdaşlıq edən həmyerlimiz Ceyhun Hacıbəyli, Azərbaycan ədəbiyyatının bilicisi və geniş təbliğatçısı, cavidşunas Mustafa Türkəqul, Yusif Qəhrəman, Samih Yazıçıoğlu və başqaları bu fikirdədilər ki, “Əli və Nino” romanının əsl müəllifi Qurban Səid Adı altında gizlənən Avropaya güdən bir yəhudi deyil, məhz Yusif Vəzir Çəmənzəminlidir, qəhrəmanın prototipi də eynən özüdür.

Ədəbiyyat İnstitutunda keçirilən müzakirədən sonra mübahisə doğuran məsələlərə son qoymaq məqsədilə Yazıçılar Birliyi bir daha buna baxmağa qayıtmağı məsləhət bildi. Yazıçılar Birliyinin sədri Anarın başçılığı ilə məsələyə bir də baxıldı.

Yekdilliklə qəbul olundu ki, Qurban Səid Yusif Vəzir Çəmənzəminlinin təxəllüsüdür.


AzEns.org.az/ Jalə Orucova