Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

«Ölü Dəniz» niyə belə adlanır?

2025-11-09 00:30:20 28

Ölü dəniz planetimizin ən aşağı nöqtəsi hesab olunur. Bu dənizin sahillərində suyun səviyyəsi dünyada ən aşağı həddədir. Suyunun səviyyəsi hər il 1 metr aşağı düşür və dünyanın ən duzlu dənizi hesab edilir. Çünki burada suda olan duzun miqdarı 33-35% təşkil edir.

Qədim yazılarda "Asfalt dəniz" adlanan Ölü dəniz İsrail və İordaniya sahillərini yuyur və dünyanın ən heyrətamiz yerlərindən biridir. Bu dənizin maraqlı xüsusiyyəti suyunun çox duzlu olmasıdır. Məhz bu səbəbdən Ölü dənizə baş vuranlar, suyun üzərində batmadan sərbəst şəkildə uzana bilirlər. Qumsuz sahilləri olan Ölü dənizdə adam batmır.

"Ölü dəniz" adı hər kəsdə maraq doğurur, lakin niyə belə adlandığını bilənlər azdır. 

Dünyanın ən duzlu dənizi olan "Ölü dəniz"də hər litr suya düşən 270 qram duz səbəbindən yalnız nadir mikroorqanizmlər yaşaya bilir. Həddindən artıq duzluluq digər canlıların yaşamasına imkan vermir; suya düşən balıqlar dərhal ölür və duzla örtülmüş cəsədləri suyun üzünə çıxır. Məhz bu səbəbdən o, yəhudi dilində "Qatil dəniz" ("Yam ha Maked") adlanır. O, həm də "Duzlu dəniz", Lot və ya Asfalt dənizi kimi tanınır.

Dənizə tökülən çayların gətirdiyi duz, hövzənin axarı olmadığı üçün illər boyu yığılıb qalır. Su buxarlandıqda duz buxarlanmır və minilliklər ərzində dənizin dibində yığılıb qalan duz kütləsi hövzəni "ölü" bir məkana çevirmişdir. Əslində isə bu su hövzəsı – göldür, böyüklüyünə görə dəniz adı almışdır. 


AzEns.org.az/ Jalə Orucova