Namaste — sanskrit mənşəli bir sözdür, "sənə əyilirəm" deməkdir.
Hind ənənələrində, xüsusən də Hind, Buddist və Cayn cəmiyyətlərində salamlama üçün istifadə edilən bir ifadədir.
Həm namaz, həm də namaste sözlərində “nam / namaḥ” kökü var.
Bu kök qədim Hind-Avropa dil ailəsinə gedib çıxır. Mənası ümumi olaraq, hörmət göstərmək, itaət etmək deməkdir.
“Namaste” yazıdan əvvəl də istifadə olunurdu. İlk dəfə isə Veda və post-Veda sanskrit mətnlərində rast gəlinib.
Bu iki söz fərqli dillərdə, fərqli coğrafiyalarda formalaşıb:
Namaste → sanskrit dili (Hindistan): namaḥ = təzim, əyilmək, te = sənə.
Namaz → fars dili (İran mədəniyyəti), mənası: ibadət, dua.
Namaste çox zaman bir az əyilərək, əllər bir-birinə sıx şəkildə bağlanmış, barmaqlar yuxarıya doğru və baş barmaqlar sinəyə yaxın olacaq şəkildə edilir. Bu hərəkətə "anjali mudra" deyilir. Namaste ilə yanaşı, bu mudra Bharatanatyam kimi Hind klassik rəqslərində və yoqa təcrübəsində də yer alır.
Namaste jesti fiziki təmasdan uzaq bir salamlaşma formasıdır. Məhz buna görə 2020-ci ildə Koronavirus pandemiyası zamanı bir çox dünya lideri virusun yayılmasının qarşısını almaq məqsədilə əl sıxmaq əvəzinə bu jestdən istifadə etdi.
Hazırladı: Jalə Orucova (azens.org.az)