Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Milyon qızılgül" mahnısı kimə həsr olunub?

2026-01-01 23:34:01 19

Milyon, milyon, milyon qızılgül…

Bu mahnını hamı eşidib, amma onun arxasındakı hekayəni bilənlər azdır. Mahnıda söhbət sadə bir rəssamdan və onun vurulduğu aktrisadan gedir.

Bu rəssam gürcü sənətkar Niko Pirosmani (N. Pirosmanaşvili) idi. O, bütün rəsmlərini dəyər-dəyməzinə sataraq qazandığı pulla qızılgüllər almış və sevdiyi aktrisanın ayaqları altına səpmişdi. Öz-özünə rəssamlığı öyrənən Pirosmani xalq içindən çıxmış qeyri-adi bir istedad idi.

Dövründə tanınsa da, o, yoxsulluq içində yaşayır, rəsmlərini bəzən bir boşqab yeməyə, bəzən isə bir şüşə çaxıra dəyişirdi. Dünya şöhrəti isə ona yalnız ölümündən sonra nəsib oldu.

Pirosmaninin sevdiyi qadın haqqında məlumatlar azdır. Mövcud sənədlərə görə, həmin aktrisa Marqarita de Sevr 1905-ci ildə “Paris miniatür teatrı Bell Vyü” ilə birlikdə Gürcüstana gəlmiş və Tiflisdə 7 gün konsert vermişdir. Şəhərin hər yerinə asılan afişalarda Marqaritanın adı xüsusilə seçilirdi.

Niko Pirosmani Marqaritanı ilk dəfə bu afişada görmüş, ona vurulmuş və sonradan “Aktrisa Marqarita” adlı portretini çəkmişdir. Onun səhnə ifasını eşitdikdən sonra bu məhəbbət daha da dərinləşmişdi. Rəssam hər konsertə gül buketləri göndərir, portretlər çəkir, lakin aktrisa bu hisslərə qarşılıq vermirdi.

Əfsanəyə görə, Pirosmani ad günündə bütün rəsmlərini və mülkünü sataraq əldə etdiyi pulla 9 araba gül aldırır və Marqaritanın qaldığı evin qarşısına göndərir. “Qızılgül dənizi”ni görən aktrisa rəssama yaxınlaşıb onun üzündən öpür. Bu, onların yeganə yaxın anı olur. Bundan sonra bir daha görüşmədikləri deyilir. 

“Milyon qızılgül” sözləri məşhur mahnıda tez-tez işlədilir. Bu da yuxarıda söylənən sevgi əfsanəsinin bir hissəsidir. Amma Paustovskinin bu haqda yazdığı povestdə söhbət qızılgülgüldən deyil, İran yasəmənindən gedir, yəni ki, rəssam aktrisaya qızılgüllər deyil, yasəmənlər hədiyyə etmişdi. 

Mahnıda milyonlarla qızılgülün rəssam tərəfindən böyük bir meydana tökülür. Əfsanədə isə hadisələr köhnə Tiflisdə, Sololaki rayonu ətrafinda cərəyan edir. Tiflisin bu bölgəsi dar-dar küçələrdən ibarət idi. Tiflisin Sololaki adlanan hissəsində iri meydandan söhbət gedə bilməz. Sonralar K. Paustovski aktrisa haqqında belə yazmışdır: “Marqarita bütün həyatını sanki, bir yuxu kimi yaşamışdır. Onun ürəyi hər kəsin üzünə bağlı idi. Özünün xarici görünüşünə diqqət yetirməsinə, yaxşı geyinib-keçinməsinə baxmayaraq, aktrisanın gözəlliyinin özünə deyil, ancaq camaata xeyri olmuşdur. Marqaritanın gözəlliyinin içində sanki tənhalıq və acı var idi”.


AzEns.org.az/ Jalə Orucova