Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulmuş, lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşamışdır. Elə oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi.
Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olmuş, lakin uzun ömür yaşamamışdır. Nəsrəddin mədrəsədə oxuduğu illərdə atasını itirmiş və bundan sonra kənddə qalmaq onun üçün çətinləşmişdir. 1237-ci ildə o, Ağşəhərə köçərək bölgə qazısı vəzifəsində işləməyə başlamışdır. Bu vəzifəni icra edərkən camaat ona “Nəsrəddin Xoca” deyə müraciət etmiş və o, tarixdə də bu adla tanınmışdır.
Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən “Saltuknamə” əsərində rast gəlinib. Onun kəlamları və lətifələri təkcə Anadolu torpaqlarında deyil, Çində yaşayan türklər arasında da dillər əzbəri olmuşdur.
Molla Nəsrəddinin “Bozoğlan” adlı eşşəyi olub, bəzi rəsmlərdə Nəsrəddinin yanında eşşəyi də görüntülənir.
Fateh Sultan Mehmetin oğlu Sultan Cemin şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Göstərişin yerinə yetirilməsi o dövrün məşhur alimi Əbülxeyir Rumiyə tapşırılır. Uzun illər boyunca (7 il) xalq arasında Molla Nəsrəddinlə bağlı lətifələr toplanılır və həmin lətifələr 1480-cı ildə kitab halında çap edilir. Onunla bağlı əsərlərdən biri “Həzə Tərgemei Nasraddin Əfəndi Rahme” adını daşıyır. Həmin əsər hal- hazırda London muzeyində saxlanılır.
Molla Nəsrəddin Ağşəhərli bir xanımla evlənir. Deyilənə görə, həmin xanımdan iki qızı olur. Adları Fatma Xatun və Dürri Mələk olur. Molla Nəsrəddin 1284-cü ildə (bəzi mənbələrdə 1384-cü il) yaşadığı Ağşəhərdə vəfat edir. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir.
Türk xalqlarının bir çoxu onun adı ilə yumor jurnalları və qəzetlər çıxarırdı. Azərbaycanın görkəmli teatr yazıçısı Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” (1906-1920), “Hoca Nəsrəddin” (1908), “Nəsrəddin Hoca” (1914-1920, 1929), “Yeni Nəsrəddin Hoca” (1936), “Yeni Hoca Nəsrəddin” (1940) jurnalları bunlardan bir neçəsidir.
AzEns.az/ Jalə Orucova