Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Kleopatra həqiqətən gözəl olub?

2025-10-06 22:04:42 26

2000 ildən çoxdur Kleopatra bütün dünyada bir gözəllik simvoluna çevrilmişdir. Onun gözəlliyi rəssamların, şairlərin, heykəltaraşların ilham mənbəyi idi. Tarixdə Kleopatra misilsiz bir gözəl, daim gözəl və cavan qalmağın sirlərini bilən bir qadın kimi təsvir olunurdu.

Çariça Kleopatra Ptolemeylər sülaləsinin sonuncu çariçası idi və Ellin Misirini 21 il idarə etmişdir. Tarixdə adı Roma liderləri Yuli Sezar və Mark Antoni ilə hallanırdı. Bu tarixi şəxsiyyətlər Kleopatranın gözəlliyinin əsiri olmuşdur. Bəs görəsən, Kleopatranın gözəlliyi haqqında tarix və arxeoloji tədqiqatlar nə deyir?

Kleopatranın çariçalığından 200 il keçdikdən sonra Roma tarixçisi Dion Kassi çariçanı belə təsvir edirdi: “o, çox cazibədar və qeyri-adi gözəlliyə malik idi. Onu görən hər bir kəs ilk baxışdan ona vurulurdu".

Plutarx Kleopatranı "qeyri-adi gözəlliyə malik olmayan, sadəcə cazibədar qadın" kimi təsvir etsə də, bu fikirləri təsdiqləyən heç bir rəsm və ya heykəl yoxdur. Onun haqqında yeganə təsvirlər siyasi təbliğat məqsədilə buraxılmış, Kleopatranı "qarmaq burunlu, kişiyəbənzər" göstərən sikkələr idi.

Sikkələr üzərindəki Kleopatra təsvirləri onun Ptolomey nəslinə mənsubluğunu və hakimiyyət iddialarını vurğulamaq məqsədi daşıyan siyasi təbliğat idi, yəni onun real görünüşünü əks etdirmirdi; o, nəslin kişilərinə oxşar təsvir edilirdi. 

Plutarxa görə, Kleopatranın cəlbediciliyi xarici görünüşündən çox, xasiyyəti və ünsiyyət qabiliyyəti ilə bağlı idi. 


AzEns.az/ Jalə Orucova