Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

İnternetin yaranma tarixi

2025-09-26 23:35:23 34

2 sentyabr 1969-cu il ABŞ-in hərbi sənaye qurumunun xətti ilə Ali məktəblər tərəfindən bir layihə həyata keçirildi. Məqsəd çoxlu sayda kompüterləri birləşdirən kabel vasitəsilə eyni vaxtda informasiya mübadiləsi aparmağın mümkünlüyünü təmin etmək idi. Əvvəlcə Kaliforniya Universitetinin tələbələri Stiven Kroker və Vinton Serf 4-5 metr uzunluğunda kabeldən istifadə edərək kompüterləri birləşdirdilər.

İlk dəfə olaraq, kompüterlər arasında məlumat ötürülməsi baş verdi və layihə uğurlu oldu. Əvvəlcə 4 universitetin birləşməsi nəticəsində yaranan şəbəkə ARPANET kimi tanındı və qısa müddətdə ABŞ ərazisində kompüterlər bu şəbəkəyə qoşulmağa başladı.  

1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsini təmin edən proqram yaradıldı. @ simvolu ilk dəfə e-poçt ünvanlarında istifadə edildi və 1980-ci ildə rəsmi olaraq beynəlxalq standart kimi tanındı. 1973-1974-cü illərdə ARPANET-in müəllifləri Robert Kan və Vint Serf tərəfindən təklif edilən TCP/IP protocol yarandı. TCP/IP protokolu 2 rabitə protokolundan ibarətdir.

1969-cu ilin yanvarında ABŞ hökuməti internetin yaranmasının əsasını qoydu. İnternet inkişaf etdikcə belə bir sual ortaya çıxdı: Necə etmək olar ki, bu şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilsin? Məhz bu problemin həlli 1989-1990-cı illərdə “www” sisteminin yaranmasına səbəb oldu. Tim Berners Li hiper mətnli sənədlər texnologiyasını yaratdı.  

Tim Berners Li 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular.

Beləliklə öncə elm və təhsil qruplarını birləşdirən ARPANET sadə kompüter şəbəkəsi qısa bir müddətdə böyük populyarlıq qazandı. Məhz bu şəbəkə indiki internetin əsası oldu. 


AzEns.az/ Jalə Orucova