Azərbaycanda kino sənəti dünya kinosundan cəmi üç il sonra, 1898-ci il avqustun 2 -də yaranıb.
İndiyə qədər Azərbaycanda 3000-dən artıq film çəkilib.
XIX əsrin sonlarında Bakı "qara qızıl" hesabına Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınmağa başlayır. Elə bu vaxtlarda Fransadan gəlmiş fotoqraf Aleksandr Mixayloviç Mişonun Bakıda nəşriyyatı və fotoatelyesi var idi. O, Bakı mənzərələrini, neft mədənlərini, mədənlərdə baş vermiş yanğınlarla bağlı silsilə şəkillər çəkirdi. O, "Bibiheybətədə neft fontanının yanğını" , "Balaxanıda neft fontanı", "Şəhər bağında ictimai gəzinti", "Qafqaz rəqsi" xroniki sujetlərin də müəllifidir.
Araşdırmalardan məlum olur ki, 20 ildən artıq Bakıda yaşamış Mişonun niyyəti heç də Azərbaycanda kino sənətinin əsasını qoymaq deyildi. O fotoqrafiya ilə məşğul olur, şəkillər çəkir, Bakıda nümayiş etdirir sonra isə Fransaya aparırdı. Həmin kinosüjetlərin ikisi ( "Bibiheybətdə neft fontanının yanğını" , "Balaxanıda neft fontanı" ) 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransa kino arxivindən Azərbaycana qaytarılır.
1915-ci ildə tanınmış neft sənayeçiləri olan Pirone qardaşları Bakıda "Filma" Səhmdar Cəmiyyətini yaradırlar. Şəhərin mərkəzində - Birja küçəsi 3 saylı binada (indiki Ü.Hacıbəyli küç.) yerləşən cəmiyyət 1915-1916 cı illərdə bir neçə bədii filmin, eyni zamanda neft sahibkarlarının köməkliyi ilə İbrahim Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayır. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilir.
Azərbaycanda ilk səssiz film olan "Neft və milyonlar səltənətində"ki yazılar iki dildə - Azərbaycan və rus dillərində yazılıb. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzaranını ekranda canlandırır.
Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibrakına çevrilir. Pozğun və qəddar neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir və məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn bir kasıbın burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.
Təbiət mənzərələri Bakı və Bakı ətrafında, Balaxanıda, Binəqədidə, Zığ və sahil kənarında, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilir. O vaxtı Balaxanıda neft mədəndə baş vermiş yanğın da filmə daxil edilir. Bu yanğın tamaşaçılar üçün çox maraqlı epizodlardan biri olur.
İkiseriyalı bədii filmin birinci seriyası 1916-cı il may ayının 14-də, ikinci seriyası isə may ayının 27-də ekranlara buraxılır.
Filmdə Lütfəli bəy rolunu ifa edən görkəmli Azərbaycan teatr və kino xadimi Hüseyn Ərəblinski ilk azərbaycanlı kino artisti hesab olunur. Film Ərəblinskinin çəkildiyi ilk və son filmdir.
İddialara görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan "Neft və milyonlar səltənətində" filmi də yanıb külə dönür. Amma kinoşünas Aydın Kazımzadə bu ehtimalı təkzib edərək bildirib: ""Filma" şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orda yoxdur."
"Neft və milyonlar səltənətində" povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə "Qızıl uçurum" adı ilə yenidən ekranlarda nümayiş etdirilir. Melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir. Filmdə Cəlil rolunda Əliabbas Qədirov, Lütfəli bəy rolunda isə Hamlet Xanızadə çəkiliblər.
1983-cü ildə rejissor Fikrət Əliyevə Leninqradda XIV Ümumittifaq Kinofestivalında bu filmə görə mükafat verilir.
AzEns.org.az