İslamda aypara simvolik və dini mənaya malikdir. Bu simvolun nə vaxt yaranması haqda dəqiq məlumat yoxdur. Amma mənbələrə əsasən, demək olar ki, bu qədim astronomik simvol - bir çox xalqlarda Günəşə, Aya və Səma ilahəsinə inandıqları zaman yaranmışdır.
Aypara və ulduz Karfogen ilahəsi Tanit və ya Yunan ilahəsi Diananın simvolu olmuşdur. Bundan başqa, Aypara Bizans şəhərinin yəni, indiki İstanbulun simvolu idi.
Başqa bir versiyada isə onun Makedoniya kralı II Filipin ordusu ilə Bizanslılar arasında baş verən döyüşdən sonra eramızdan əvvəl 340-cı ilə aid olduğu iddia edilir. Hadisə belə idi:
Deməli, liman – şəhər Konstantinopolun mühasirəyə alınması üçün makedoniyalıların hərbi-dəniz donanması olmadığından, onlar liman-şəhərə quru yolla hücum etmək qərarına gəlirlər və gecə şəhərə hücum edəcəklərini planlaşdırırlar. Makedoniya ordusu gecə şəhərə hücum edərkən, aylı gecə olduğundan əsgərlər aydın görünür və bu hücum çox asanlıqla dəf edilir. Makedon əsgərləri geri çəkilməyə məcbur olurlar.
Şəhər əhalisi bunu təntənəli surətdə bayram etməklə yanaşı, Bizansın “himayəçi”si olan İlahə Hekata dualar oxuyur, onun şərəfinə pullar buraxırlar. Bu pulların üstündə Aypara və 6 guşəli ulduz şəkli həkk edilir. Düşməni gecə, ay işığının köməyi nəticəsində dəf etdikləri üçün “Ulduzlu Aypara”nı şəhərin simvoluna çevirirlər. Bu simvol 330-cu ilədək, Konstantinopol Roma imperiyasının paytaxtı olanadək qalır.
1453-cu ildə şəhəri Osmanlılar aldı. Aypara əvvəl bütpərəstlərin, sonra isə xaçpərəstlərin simvolu ikən, islam simvoluna çevrildi.
Yuxarıda qeyd olunduğu kimi “Ulduzlu Aypara” ilk öncə Bizansın, sonra Konstantinopolun, türk işğalından sonra isə Türklərin simvoluna çevrilmişdir. Türklər bunu öz qələbələrinin simvolu kimi qəbul etmişdilər. Bundan sonra “Ulduzlu Aypara” müntəzəm olaraq müsəlmanlığın və müsəlman dünyasının simvoluna çevrilir. Hazırda bu simvola islam ölkələrinin bayraqlarında, pullarında, gerblərində, məscidlərdə, poçt markalarında rast gəlmək mümkündür.
Azens.org.az/ Jalə Orucova